DÜNYA
Honkonqda COVID-19-a yoluxmaların çoxalması “Disneyland”in yenidən bağlanmasına səbəb olub
Pekin, 16 iyul, AZƏRTAC
Çinin Honkonq xüsusi inzibati ərazisində COVID-19 infeksiyasına yoluxma hallarının çoxalması “Disneyland” tematika parkının təkrar bağlanmasına səbəb olub.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə “Walt Disney” şirkəti məlumat yayıb. Şirkət hökumətin tələbi əsasında parkın iyulun 15-dən etibarən qeyri-müəyyən müddətə bağlı olacağını açıqlayıb. “Disneyland” ilə yanaşı, şəhərdəki “Okean” parkı da müvəqqəti bağlanıb.
Qeyd edək ki, Honkoqndakı “Disneyland” virusun Çində sürətlə yayılmağa başladığı yanvar ayında bağlanmışdı. Təxminən bir ay əvvəl park xüsusi sanitar-gigiyena tədbirləri çərçivəsində yenidən açılmışdı. Son günlər inzibati ərazidə virusa yoluxma hallarının çoxalması hökuməti karantin tədbirlərini sərtləşdirməyə vadar edib. İyulun 15-dən etibarən ictimai yerlərdə 4 nəfərdən artıq toplaşmalar qadağan edilib. Bundan başqa, gözəllik salonları, fitnes mərkəzləri və kinoteatrlar da daxil olmaqla xüsusi riskli 12 növ məkanın fəaliyyəti bir həftə müddətinə dayandırılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin