İQTİSADİYYAT


Hövsan Yaşayış Kompleksinin internet səhifəsi istifadəyə verilib

Bakı, 28 aprel, AZƏRTAC 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi olan Hövsan Yaşayış Kompleksində güzəştli mənzillərin satışına başlanılmasına hazırlıq məqsədilə kompleks haqqında məlumatların ətraflı təqdim olunduğu “hovsan.mida.gov.az” internet səhifəsi və onun mobil versiyası istifadəyə verilib.

MİDA-dan AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq hazırlanmış portal istifadədə rahatlığı və funksionallığı, o cümlədən informasiya əldə etmək və komplekslə bağlı yarana biləcək suallara cavab tapmaq üçün asanlığı ilə seçilir. İnternet səhifənin mobil versiyasının olması isə istifadəçilərin saytın imkanlarından daha çevik yararlanmasına şərait yaradacaq.

İstifadəyə verilmiş yeni internet səhifəsi hər kəs üçün Hövsan Yaşayış Kompleksi barədə ətraflı məlumat əldə etmək imkanını təmin edir. Səhifəyə daxil olan hər kəs 5 əsas bölmədən ibarət menyu vasitəsilə Hövsan Yaşayış Kompleksinin hər bir binası, mənzillərin daxili və xarici perimetr üzrə sahələri, otaqlarının sayı, tikinti ərazisinin baş planı ilə tanış ola biləcək.

Bununla yanaşı, Hövsan Yaşayış Kompleksinin layihələndirilməsi zamanı xüsusilə diqqət yetirilən amillər, sakinlərin rahatlığı üçün yaradılan şərait, mənzillərin təmiri, istifadə olunan inşaat materialları haqqında ətraflı məlumat əldə etmək mümkündür.

İnternet səhifəsində həmçinin güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər, həmin şəxslərin müraciət qaydası, mümkün ödəniş üsulları, MİDA ilə əməkdaşlıq edən agent banklar və vətəndaşları maraqlandıran digər zəruri məlumatlar əldə etmək üçün müvafiq səhifələrə keçidlər təqdim olunur.

Səhifənin “Mənzillər” bölməsi isə Hövsan Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı elan verildikdən sonra aktivləşdiriləcək. İstifadəçilər bu bölmədə hər bir mənzilin planı, sahəsi, interyer nümunəsi və təmir növü haqqında məlumat əldə edə biləcəklər.

Qeyd edək ki, tezliklə Hövsan Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı elan veriləcək və “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzilləri sistem vasitəsilə seçə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.