ELM VƏ TƏHSİL
Hüseyn Cavidin ev-muzeyinin veb-saytına pandemiya dövründə 84 ölkədən 148 min 500 baxış olub
Bakı, 2 iyul, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunması üçün başda muzeyin direktoru - filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı olmaqla AMEA-nın Hüseyn Cavidin ev-muzeyinin bütün kollektivi virusla mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabinetinin qərarlarına və tövsiyələrinə ciddi əməl edib. Lakin ziyarətçilərini də intizarda qoymayıb. Bununla əlaqədar ev-muzeyi bir sıra onlayn platformalarda, o cümlədən, “Twitter”də #HuseynCavidinOnlaynEvMuzeyi heştəqi ilə, “Facebook”da isə https://www.facebook.com/huseyn.cavidinevmuzeyi ünvanında ziyarətçilərlə onlayn ünsiyyət yaradıb. Eləcə də Hüseyn Cavidin ev-muzeyinin rəsmi internet səhifəsində (www.huseyncavid.az) Virtual muzey bölməsində ekspozisiya zalları onlayn ziyarət edilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, pandemiya dövründə Hüseyn Cavid yaradıcılığının sosial şəbəkələr üzərindən təbliği yüksək səviyyədə həyata keçirilib. Muzeyin rəsmi “Facebook” səhifəsində kiçik videoçarxlar, ədibə aid fotoşəkillər, eksponatların tarixçələri, Hüseyn Cavidin “Seçilmiş aforizmlər” kitabında yer alan əsərlərindən parçalar paylaşılıb. Həmçinin əməkdaşlar muzeyə ünvanlanan sualları cavablandırıblar.
Muzeyin “YouTube” kanalında Azərbaycan, rus və ingilis dillərində onlayn ekskursiyalar və muzeyin tarixi haqında müxtəlif videolar paylaşılıb və maraqla izlənilib. Azərbaycan Milli Elmlər Akademiyasının “Elm TV” internet televiziyası da Hüseyn Cavidin ev-muzeyinin karantin rejimində onlayn fəaliyyətini geniş işıqlandırıb (http://elmtv.az/az/news/3543/).
Qeyd edilib ki, sosial təcrid dövründə muzeyin elmi fəaliyyət nəticələri müxtəlif akademik və kommunikativ sosial şəbəkələr vasitəsilə ictimailəşdirilib, elektron və onlayn xidmətlər göstərilib. Bu məqsədlə Academia.edu, Researchgate kimi akademik platformalarda Hüseyn Cavidin əsərlərindən seçmələr yerləşdirilib. Son 6 ay ərzində www.huseyncavid.az saytına 84 ölkədən 148 500 baxış olub. Bu müraciətlər 40 mindən artıq unikal IP ünvanından edilib.
Ədibin əsərlərini müxtəlif beynəlxalq virtual sərgilərdə təbliğ etmək, eləcə də muzeyin Hüseyn Cavidin həyat və yaradıcılığı ilə bağlı nəşrlərini daha geniş ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə ABŞ Konqres Kitabxanasının və Amazon şirkətinin birgə layihəsi olan “Yaxşı mütaliə” (Goodreads) kitab təhlili və təqdimatı platforması ilə əməkdaşlıq əlaqələri qurulub. Bu məqsədlə platformaya elektron şəkildə 25 referativ biblioqrafik təsvir və nəşr yerləşdirilib.