İQTİSADİYYAT
“Hydro Heroes” mobil tətbiqi mühüm ekoloji problemin aradan qaldırılması missiyasını yerinə yetirəcək
Bakı, 22 sentyabr, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC davamlı olaraq ölkədə faydalı layihələrin artımı və inkişafı istiqamətində yeniliklərə imza atır. Bu dəfə qurum BMT-nin İnkişaf Proqramı və “IDEA” İctimai Birliyinin birgə təşəbbüsü ilə yaradılan “Hydro Heroes” mobil tətbiqinin hazırlanmasına texniki dəstək göstərib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Azcloud” bulud infrastrukturu əsasında yaradılmaqda olan “Hydro Heroes” mühüm ekoloji problemin aradan qaldırılması missiyasını yerinə yetirəcək. Bu mobil tətbiq insanların su sızmaları haqqında məlumatları öz telefonları vasitəsilə birbaşa məişət su təchizatı şirkətlərinə bildirməsinə imkan verir, eyni zamanda, suyun qənaətlə istifadəsi haqda faydalı məlumatlarla təmin edir.
Qeyd edək ki, “Azcloud” bu layihə üçün infrastrukturu təmənnasız olaraq bir il müddətinə təqdim edir.
“AzInTelecom”un data mərkəzi nəzdində fəaliyyət göstərən və Azərbaycanda bulud texnologiyaları üzrə ilk şirkət olan “Azcloud” rezervlənmə, arxivləşdirmə, videokonfrans, təhlükəsizlik, virtual IP telefoniya kimi xidmətləri təqdim edir.