SİYASƏT
ICAPP-ın Daimi Komitəsinin iclasında Azərbaycanın beynəlxalq hüquqa əsasən ərazi bütövlüyünün bərpasından bəhs edilib
Bakı, 25 noyabr, AZƏRTAC
Noyabrın 25-də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) Daimi Komitəsinin videokonfrans formatında 34-cü iclası keçirilib.
Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasın açılışında çıxış edən ICAPP-ın həmsədri Xose de Venesia bu il təşkilatın yaranmasının 20 ilinin tamam olduğunu bildirib. O qeyd edib ki, 20 il əvvəl 40 siyasi partiyanın iştirakı ilə yaranan təşkilatda bu gün 50-dən çox ölkədən 300-dən artıq siyasi partiya birləşib. “Biz müxtəlif ideologiyaları özündə ehtiva edən iqtidar və müxalifət partiyalarını bu təşkilatda birləşdirməyə nail olmuşuq. Təşkilatımızın amalı regionumuzda, o cümlədən dünyada sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına xidmət etməkdir”, - deyə ICAPP-ın həmsədri vurğulayıb.
Müzakirələrdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov qeyd edib ki, 30 ilə yaxın Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdu: “Biz 30 il münaqişənin dinc yolla həlli olunması üçün beynəlxalq hüququn təsirli olacağına inandıq və buna görə də gözlədik. Amma bu baş vermədi. İşğala əsaslanan status-kvonun saxlanması üçün Ermənistanın dəfələrlə törətdiyi təxribatlardan sonra Azərbaycan beynəlxalq hüquqa əsasən öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi əməliyyatlara başladı. Bunun nəticəsində 44 gün ərzində torpaqlarımız işğaldan azad edildi. Bu, ədalətin bərpası deməkdir. Hesab edirəm ki, ICAPP beynəlxalq hüququn prinsiplərinin daha ciddi və sistemli şəkildə tətbiq olunmasının vacibliyi ilə bağlı təşəbbüsü dəstəkləmək istiqamətində addımlar ata bilər”.