CƏMİYYƏT
ICESCO təşkilata üzv ölkələrdə ətraf mühitin mühafizəsi üzrə səylərini davam etdirəcək

Bakı, 5 iyun, AZƏRTAC
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) İslam ölkələrində ətraf mühitin mühafizəsi istiqamətində səylərini davam etdirəcək.
Təşkilatın Baş ofisindən AZƏRTAC-a bildiriblər ki, bu fikirlər ICESCO-nun 5 İyun –Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar müraciətində yer alıb.
Müraciətdə deyilir: “İyunun 5-də dünya ictimaiyyəti ətraf mühitin qorunması və təşviqində davamlı təcrübələrin əhəmiyyəti barədə məlumatlılığı artırmaq üçün Ümumdünya Ətraf Mühit Gününü qeyd edir. Bu ilin mövzusu “Plastik çirklənmə ilə mübarizə”dir. Təşkilatımız bu fürsətdən istifadə edərək, ölkələri, regional qurumları və beynəlxalq təşkilatları plastik çirklənmə ilə mübarizədə səyləri birləşdirməyə, onun təhlükələrinə qarşı xəbərdarlıq etməyə, təkrar emal oluna bilən məhsulların istehsalını və paylanmasını təşviq etməyə və bu sahəyə sərmayə qoymağa çağırır. Eyni zamanda, plastikdən istifadə üçün davamlı və təhlükəsiz vasitələr və mexanizmlər hazırlamaq üçün elmi tədqiqatlar aparılmasını da zəruri hesab edirik”.
ICESCO qeyd edib ki, ümumilikdə çirklənmənin, xüsusən də plastik çirklənmənin sağlamlığa, cəmiyyətə və iqtisadiyyata mənfi təsirini nəzərə alaraq, təşkilat dünya miqyasında ətraf mühitin və biomüxtəlifliyin qorunması istiqamətində beynəlxalq ictimaiyyətin səylərini səfərbər etməyin vacibliyini vurğulayır və bu növ çirklənmənin miqyasının artması ilə bağlı xəbərdarlıq edir. “Həqiqətən də, qlobal statistika göstərir ki, hər il 20 milyon tondan çox plastik kütlə dünyanın çaylarına və okeanlarına atılır. Bunlar mikroplastiklər əmələ gətirir ki, bu da planet və onun qida zəncirinə ciddi təhlükə yaradır.
ICESCO bu kontekstdə ətraf mühitin mühafizəsi sahəsində elmi tədqiqatların, texnologiyanın və innovasiyaların dəstəklənməsinə yönəlmiş proqramlar, layihələr və seminarların hazırlanması və həyata keçirilməsi yolu ilə müsəlman ölkələrində ətraf mühitin mühafizəsi və təkrar emal mədəniyyətini möhkəmləndirməyə çalışır. Bunlara sahibkarlığın təşviqi məqsədilə dairəvi iqtisadiyyat, yaşıl iqtisadiyyat və mavi iqtisadiyyat sahəsində İslam dünyasında gənclərin və qadınların potensialının artırılmasına dair seminarlar, bərk məişət tullantılarının təkrar emalı və ekoloji maarifləndirmə ilə bağlı təlimlər daxildir. Eyni zamanda, iqlim dəyişikliyi ilə mübarizə proqramları, eləcə də ağıllı və davamlı şəhərlər konsepsiyasını təşviq etmək üçün beynəlxalq konfrans və simpoziumlar təşkil edilir.