MƏDƏNİYYƏT
“İÇƏRİŞƏHƏR” DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU İDARƏSİNİN DOSTLUQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR
Bakı, 26 oktyabr (AZƏRTAC). Oktyabrın 24-26-da Tbilisidə “Tbilisoba” - Tbilisi şəhər günü qeyd olunmuşdur. Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov iştirak etmişdir.
Oktyabrın 26-da keçirilən mərasimdə tanınmış gürcü müğənnisi Vaxtanq Kikabidze şəhər meriyası tərəfindən “Tbilisinin fəxri vətəndaşı” adına layiq görülmüş M.Cabbarova Fəxri fərman və Tbilisinin rəmzi açarını təqdim etmişdir.
İçərişəhər administrasiyası rəhbərliyinin belə tədbirə dəvət edilməsi və “Fəxri vətəndaş” adının təqdim olunması qonşu ölkə tərəfindən İçərişəhərdə baş verən müsbət dəyişikliklərə marağın artmasının əlamətidir. Ölkə rəhbərliyinin diqqəti nəticəsində İçərişəhərin dünya mədəniyyətinin irsində bərpa olunmuş mövqeyi, öz keçmişimizə göstərilən qayğı və Qoruğun müasir mühitə uyğunlaşdırılması tədbirləri təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə də təqdir olunur. Azərbaycana gələn rəsmi nümayəndə heyətləri və xarici qonaqlar burada aparılan işlərdən məmnun qaldıqlarını bildirirlər. YUNESKO-nun Dünya İrs Komitəsi tərəfindən İçərişəhərdə aparılan təmir-bərpa, abadlıq işlərindən nümunə götürülməsi digər ölkələrə tövsiyə olunmuşdur.
M.Cabbarovun Gürcüstan paytaxtının meri Georgi Uqulava və digər rəsmi şəxslərlə keçirilmiş görüşlərində son dövrlərdə İçərişəhərdə həyata keçirilən tədbirlər barədə geniş söhbət açılmış, Tbilisinin qədim hissəsində aparılan bərpa işləri, abidələrin mühafizəsi və ikitərəfli əməkdaşlıq baxımından əhəmiyyət kəsb edən digər məsələlər müzakirə olunmuşdur.