İDMAN
İCTİMAİYYƏTİ ÇAŞDIRMAQDANSA, QANUNLARA ƏMƏL ETMƏK LAZIMDIR
Xəbər verildiyi kimi, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin istintaq şöbəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) külli miqdarda vergiləri ödəməkdən yayınma faktı üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Son günlər AFFA-nın rəhbərliyi həmin cinayət işi ətrafında süni hay-küy yaradaraq kütləvi informasiya vasitələrinə həqiqətə uyğun olmayan məlumatlar verməklə istintaq haqqında ictimaiyyətdə mənfi rəy formalaşdırmağa çalışır, AFFA-da keçirilmiş axtarış zamanı sənədlərin götürülməsi ilə əlaqədar ğuya bir sıra beynəlxalq futbol matçlarının keçirilməsinin mümkün olmayacağı barədə bəyanatlarla çıxış edir.
Mətbuata verdikləri açıqlamalarda AFFA rəsmlləri vergi yoxlamasının nəticələrinə əsasən tərtib olunmuş akta baxılmaq üçün dəvət olunmadıqlarını iddia edirlər. Halbuki Vergilər Nazirliyinin Vergi Ödəyicilərinin Auditi Baş İdarəsi AFFA-ya bu barədə 22.01.2003-cü il və 24.01.2003-cü il tarixli məktublarla xəbərdarlıq etmiş, lakin təyin olunmuş vaxtda assosiasiya tərəfindən nümayəndələrin iştirakı təmin edilməmişdir.
Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, AFFA-nın normal fəaliyyətini, Avropa çempionatı çərçivəsində Uels-Azərbaycan matçında milli və olimpiya komandalarının çıxışları və yeniyetmələrin Belçikadakı qitə çempionatının ikinci mərhələsində iştirakını təşkil etmək üçün istintaq tərəfindən lazım olan sənədlərin verilməsinin təmin olunacağı barədə AFFA rəhbərliyinə dəfələrlə həm yazılı, həm də şifahi məlumat verilmiş, bu sənədlərin siyahısının təqdim edilməsi xahiş olunmuşdur. Lakin həmin sənədlərin siyahısı bu günə qədər istintaqa təqdim edilməmiş və AFFA tərəfindən sənədlərin götürülməsi üçün nümayəndə göndərilməmişdir.
Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti Azərbaycanın yığma futbol komandalarının beynəlxalq yarışlarda iştirakı üçün zəruri olan sənədləri qanuna müvafiq qaydada AFFA-ya təqdim etməyə hazır olduğunu bir daha təsdiqləyərək, assosiasiya rəhbərliyini bu imkandan istifadə etməyə çağırır. Əks təqdirdə beynəlxalq futbol görüşlərinin keçirilməsi ilə bağlı yarana biləcək hər hansı bir problemə görə, məsuliyyət AFFA rəhbərliyinin üzərinə düşəcəkdir.