CƏMİYYƏT
“IDEAL perfumery&cosmetics” mağazalar şəbəkəsi koronavirusla mübarizəyə 200 min manat ianə edib
Bakı, 26 mart, AZƏRTAC
Fəaliyyət strategiyasında öz əməkdaşları və müştərilərinin təhlükəsizliyi və məmnuniyyətinə xüsusilə önəm verən “IDEAL perfumery&cosmetics” şəbəkəsi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürülməsi təşəbbüsünə qoşulub
“IDEAL perfumery&cosmetics” mağazalar şəbəkəsindən AZƏRTAC-a bildirilib ki, “IDEAL perfumery&cosmetics” koronavirusun geniş yayılmasının qarşısının alınması, ciddi qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, xüsusi rejimli tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə dəstək olmaq məqsədilə Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat ianə edib.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan edilmiş koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsi və coğrafiyasının hazırda sürətlə genişləndiyini nəzərə alaraq “IDEAL perfumery&cosmetics” bütün vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən irəli sürülən preventiv tədbirlərin şərtlərinə ciddi əməl etməyə, koronavirusla mübarizə üçün imkanlarını səfərbər etməyə və həmrəy olmağa çağırır.
Qeyd edək ki, “IDEAL perfumery&cosmetics” mağazalar şəbəkəsi “Adore Kompani” MMC-yə daxildir.