CƏMİYYƏT


IDEA-nın təşəbbüsü ilə Nəsimi rayonunun  Asif Məhərrəmov küçəsində yaşıllıqlar bərpa edildi

Bakı, 21 iyun, AZƏRTAC

Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 15 ünvanında məhv edilmiş yaşıllıqların yerinə iyunun 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yeni ağaclar əkilib.

AZƏRTAC xəbər verir ki, IDEA İctimai Birliyinin təşəbbüsü və Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan ağacəkmə aksiyası zamanı ərazidə yaşıllıqların bərpası ilə yanaşı, abadlıq işləri aparılıb, sağlam həyat tərzinin formalaşdırılması və orada məskunlaşan sakinlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə idman alətlərindən ibarət kiçik meydança, o cümlədən uşaqlar üçün əyləncə qurğuları yerləşdirilərək istifadəyə verilib.

Qeyd edək ki, 2017-ci il iyunun 14-də IDEA İctimai Birliyinin 1113 nömrəli “Təbiətin təcili yardımı” “qaynar xətti”nə sözügedən yaşıllıqların məhvi ilə bağlı şikayət daxil olub, IDEA-nın mobil qrupu tərəfindən dərhal əraziyə baxış keçirilib və 20 ağacın kəsilməsi faktı qeydə alınıb. Uzun illər həmin ərazidə yaşayan insanların istirahət və sağlamlığına xidmət edən ağacların məhv edilməsi şəhərimizin ətraf mühitinin zədələnməsi və əhalinin sağlamlığına təhdidə çevrilə bilərdi. Bu səbəbdən ekologiya və biomüxtəlifliyin mühafizəsi naminə çalışan və bu sahələrdə uğurlar qazanan IDEA İctimai Birliyinin təşəbbüsü ilə ərazidə yaşıllıqlar bərpa edilib.

Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə layihəsi olan “Ağacların kəsilməsinə yox” proqramı tərəfindən Bakı şəhərində qanunsuz ağac kəsilməsi ilə bağlı vətəndaşlardan daxil olmuş 300-ə yaxın şikayətə baxılıb və onların müsbət həlli istiqamətində tədbirlər görülüb. Proqramın uğurlu icrası nəticəsində paytaxtımızda yaşıllıqların məhv edilməsi hallarının əhəmiyyətli dərəcədə azalması müşahidə olunub. Qabaqlayıcı tədbirlərlə yanaşı, təsis edildiyi dövrdən etibarən IDEA İctimai Birliyinin həyata keçirdiyi genişmiqyaslı ağacəkmə aksiyaları nəticəsində ölkə ərazisində 5 milyondan artıq ağac əkilib.

IDEA-nın yaşıllaşdırma layihələrinin məqsədi ekoloji tarazlığı bərpa etmək, yaşıllıq zolaqlarının artırılmasına töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirməkdir.

IDEA İctimai Birliyi bütün vətəndaşları Bakı şəhərində yaşıllıqların qorunmasına öz töhfələrini verməyə və üzləşdikləri qanunsuz ağac kəsilməsi halları ilə bağlı dərhal xüsusi yaradılmış “qaynar xətt”ə (bütün mobil operatorlar və şəhər telefonlarından 1113) məlumat verməyə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.