İDMAN
İDMAN RƏQSLƏRİ ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATININ QALİBLƏRİ MƏLUM OLMUŞDUR
Yüzə qədər rəqs cütlüyünün yarışdığı çempionatda Azərbaycan idmançıları ilə yanaşı, Rusiya və Gürcüstan təmsilçiləri də iştirak edirdilər.
Günün birinci yarısında yeniyetmə və uşaqlar arasında keçirilən yarışın nəticələrinə əsasən Vladimir Zudilin-Mərziyə Rəhimzadə (“Olimp” klubu) 1996-cı il və daha kiçik, Elməddin Səfərli–Bahar Babayeva (“Rovestnik”) isə 1993-95-ci il təvəllüdü cütlüklər arasında birinci yeri tutmuşlar.
Yuvenal II üzrə Arif Məmmədov və Firuzə Əliyeva (“Olimp”), yunior II arasında isə 8 rəqs üzrə yarışda Nicat İsmayılzadə-Svetlana Zvereva (“Sirdaş”) dueti ölkə çempionu olmuşlar.
Hobbi-klass növü üzrə isə (müsabiqədənkənar) Dmitri İvanov və Aliyə Sultanova cütlüyü fərqlənmişdir.
Yunior-I və yunior-II-lər arasında 10 rəqs üzrə yarışmada ən yaxşı nəticəni Kamil Quliyev-Günel Axundova (“Azəri) və Rüstəm Bəşirov–Zərəngiz Hüseynova (Şane) duetləri göstərmişlər.
Gənclər arasında Latın Amerikası və standart rəqslər üzrə çıxışlarda birinci yerə rusiyalı Boqdan Tyaqlı-Anastasiya İzvekova cütlüyü çıxmışdır.
Öz möhtəşəmliyi və yüksək ustalığı ilə seçilən yaşlı idmançlılar arasında həm Latın Amerikası, həm də standart rəqslərin ifasında yarışın ən yüksək mükafatına dəfələrlə beynəlxalq turnirlərin qalibi olmuş “Bakılı” idman klubunun təmsilçiləri Eldar Cəfərov və Anna Sajina dueti sahib çıxmışdır.
Qaliblərə və mükafatçılara diplomlar, qiymətli hədiyyələr təqdim edilmişdir.