SİYASƏT
İLHAM ƏLİYEVİN AZƏRBAYCANIN BAŞ NAZİRİ TƏYİN OLUNMASI TÜRKİYƏDƏ RAZILIQLA QARŞILANMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri Ankaradan xəbər verir ki, NTV televiziya kanalında çıxış edən Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Hüsaməddin Cindoruk cənab İlham Əliyevi şəxsən tanıdığını vurğulamış, onu geniş dünyagörüşünə malik, təcrübəli siyasi xadim kimi dəyərləndirmişdir.
İlham Əliyevin yeni təyinatı dost və qardaş ölkənin ictimaiyyəti tərəfindən də razılıqla qarşılanmışdır. Azərbaycanın Ankaradakı səfirliyinə, İstanbuldakı baş konsulluğuna və AZƏRTAC-ın bu ölkədəki müxbir məntəqəsinə çoxsaylı təbriklər daxil olmaqdadır. Respublikamızın səfiri Məmməd Əliyevin AZƏRTAC-ın müxbirinə verdiyi məlumata görə, gün ərzində Türkiyənin bir çox siyasi partiyalarının sədrləri, nazirlər, millət vəkilləri, ictimai təşkilatların, nüfuzlu fond, cəmiyyət və şirkətlərin rəhbərləri ona zəng edərək, məktub göndərərək, ən səmimi təbriklərini, ən xoş arzularını bildirmişlər. Türkiyə Böyük Millət Məclisinin AŞPA-dakı təmsilçiləri İlham Əliyevin siyasi təcrübəsini, ölkəsinin maraqları naminə diplomatik fəaliyyətini, demokratik üslubunu xüsusilə vurğulamış, Baş nazirimizə çətin və məsuliyyətli vəzifəsində müvəffəqiyyətlər arzulamışlar.
Ölkəmizin İstanbuldakı baş konsulu İbrahim Yaqubovun bildirdiyinə görə, avqustun 4-də İstanbul valisi Müəmmər Gülər, Böyük Şəhər Bələdiyyəsinin sədri Əli Müfit Gürtuna konsulluğumuza müraciət etmiş, Baş nazir İlham Əliyevə ən səmimi təbriklərinin, hörmət və ehtiramlarının çatdırılmasını xahiş etmişlər. İstanbulda yerləşən beynəlxalq təşkilatlardan, xarici ölkələrin baş konsulluqlarından, nüfuzlu şirkətlərdən diplomatik nümayəndəliyimizə təbrik teleqramları və gül-çiçək çələngləri göndərilmişdir.