DÜNYA
İMMİQRANTLARIN UŞAQLARI PARİSLİ MÜƏLLİMLƏRİ DÖYÜRLƏR
AZƏRTAC Frans Press Agentliyinə istinadla xəbər verir ki, yanvarın 26-da Parisin əsasən immiqrantlar yaşayan ətraf qəsəbələrində minlərlə məktəb müəllimi tətilə çıxmışdır. Buna səbəb son vaxtlar şagirlərin müəllimlərə basqın etməsi hallarının artmasıdır. Lakin tətilçilər yeniyetmələr arasında zorakılığın güclənməsində hökuməti təqsirləndirmişlər. Müəllimlər məktəblərə ayrılan maliyyə vəsaitinin artırılmasını tələb etmişlər.
Ötən ilin noyabrında immiqrant gənclərin törətdikləri iğtişaşlardan daha çox zərər çəkən Sen-Deni rayonunda tətilə çıxan müəllimlər bildirmişlər ki, hökumət “qiyamdan ibrət dərsi almamışdır”. Məktəb həmkarlar ittifaqının nümayəndəsi demişdir: “Zorakılığa hətta meyilli olsalar da, bu çətin şagirdlərə məktəblərdə diqqət gərəkdir. Lakin hökumətin yeni siyasəti onlara əks-istiqamətli işarə verir: hökumət vəsaitə daha çox ehtiyacı olan məktəbləri vəsaitdən məhrum etmək niyyətindədir”.
Müəllimlər hökumətin məktəblərdə polis patrulları qoymaq planına da etirazını bildirmişlər.