ELM VƏ TƏHSİL
“INKOEL” şirkətinin Təhsil İnstitutu ilə birlikdə ərsəyə gətirdiyi layihə beynəlxalq müsabiqədə finala çıxıb
Bakı, 21 iyun, AZƏRTAC
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə “Yaşıl Bacarıqlar Mükafatı” beynəlxalq yarışmasında iştirak edən “INKOEL” şirkəti 39 ölkədən 134 namizəd arasında 11 qalibdən biri olaraq finala çıxıb.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, müsabiqə “Rəqəmsal erada yaşıl bacarıqlar və inklüziv cəmiyyət üçün bacarıqlar: ömürboyu öyrənmənin təşkili” beynəlxalq konfransı çərçivəsində “ETF - European Training Foundation” tərəfindən həyata keçirilir.
Azərbaycan “Alternativ enerji sahəsində yaşıl bacarıqların inkişafı üzrə dövlət-özəl əməkdaşlığı” layihəsi ilə “INKOEL” şirkəti tərəfindən təmsil olunur. Layihə Təhsil İnstitutunun tövsiyələri və qarşılıqlı müzakirələr əsasında hazırlanıb. Layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda və regionlarda ağıllı innovasiyalar mərkəzləri qurmaqdır. Bu mərkəzlərdə müasir və gələcəyin əmək bazarının tələblərinə uyğun müəllimlərin bilik və bacarıqlarının artırılması, şagird və tələbələrin avtomatlaşdırma, bulud sistemləri əsasında rəqəmsal həllər, idarəetmə sistemləri, yaşıl enerji istiqamətində günəş və külək enerjisi və onları əhatə edən müxtəlif sistemlər, nəqliyyatın yaşıllaşdırılması ilə bağlı ağıllı texnoloji yeniliklər və həllər, elektrik qida qurğuları infrastrukturu, süni intellekt, artırılmış reallıq və s. kimi istiqamətlərdə məlumatlandırılması, peşəkarların həm nəzəri, həm də layihələr üzərindən praktik olaraq hazırlanmasıdır.
Təhsilin məzmununda yaşıl bacarıq və səriştələrin artırılması, gənclərin ətraf mühitə təhlükə yaratmayan peşələrə yiyələnməsi, həmçinin yaşadıqları icmalarda yaşıl sahibkarlıq fəaliyyətlərinin önə çəkilməsi, bu sahədə bilik və bacarıqlarının inkişaf etdirilməsi ölkəmizin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Yaşıl bacarıqların təşviq olunması həm ekologiyanın qorunması, həm də insan kapitalının yetişdirilməsində XXI əsrin əmək bazarının əsas tələblərindən biridir. Bu istiqamətdə özəl sektorun dəstəyi və təşəbbüsü müsbət addımdır və xüsusilə dövlət-özəl tərəfdaşlığı əsasında uğurludur.