CƏMİYYƏT


“INNOLAND”ın rezidenti “Uvodo” 500 min manat dəyərində investisiya cəlb edib

Bakı, 28 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti “Uvodo” 500 min manat dəyərində investisiya cəlb edib.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Uvodo”nun toxumöncəsi investisiya raunduna “Xəzər Vençur” mələk investorları rəhbərlik ediblər. Ümumilikdə, investisiyada Azərbaycan MBA Klub İnvestorları və həmtəsisçilər iştirak edib və raund ümumi yarım milyon manat (300 min ABŞ dolları) dəyərində bağlanıb.

“Uvodo” rəqəmsal agentliklər və e-ticarət mühəndisləri üçün nəzərdə tutulan, onların iş prosesini və proqramlaşdırma sürətini artıran e-ticarət qurma platformasıdır. Layihəyə fərdiləşdirmə, məlumatın 3-cü tərəf servislərlə paylaşılması, olduqca yüksək xərc tələb edən texniki dəstək və optimallaşdırma ilə bağlı məhdudiyyətlər daxildir.

Startapın məqsədi proqram mühəndislərinə pərakəndə satışın e-ticarətə keçid prosesini sürətləndirməyə kömək etmək və “Uvodo”nu e-ticarət qurma platformaları arasında mühəndislərin ilk seçiminə çevirməkdir.

Hazırda komandanın diqqəti “Beta” mərhələsindən “Alfa” mərhələsinə qədər məhsulun inkişafını sürətləndirməkdir. Komanda startapa cəlb edilən investisiya ilə “Uvodo”nun əsas funksiyalarını təkmilləşdirəcək və müştərilərinin bilavasitə onlardan tələb etdiyi e-ticarət biznesləri üçün vacib olan beynəlxalq ödəniş həlləri, göndərmə xidmətləri və konversiya alətləri və s. kimi xüsusiyyətləri inkişaf etdirəcək.

“Uvodo” “Nextsale” startapını yaradan və müvəffəqiyyətlə satan təsisçilərin növbəti layihəsidir. “INNOLAND”ın məzun rezidenti olan “Nextsale”, e-ticarət mağazaları üçün veb-sayt ziyarətçilərini real müştəriyə çevirən optimallaşdırma proqramıdır. Startapın bütün hissələri Boston mərkəzli “Silversmith Capital Partners” şirkəti tərəfindən satın alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.