MƏDƏNİYYƏT
“INTERACT Film Lab” layihəsinin bağlanış mərasimi keçiriləcək
Bakı, 30 sentyabr, AZƏRTAC
Oktyabrın 3-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında həyata keçirilən “INTERACT Film Lab” layihəsinin bağlanış mərasimi keçiriləcək. Tədbirdə Mədəniyyət Nazirliyi və kinostudiyanın nümayəndələri, eyni zamanda, müstəqil kino təşkilatlarının təmsilçiləri, prodüserlər, o cümlədən tanınmış kino mütəxəssisləri iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, mərasimdə xarici mütəxəssislər intensiv şəkildə aparılan dərslər və bu proqramda iştirak edən gənc mütəxəssislər haqqında fikirlərini bölüşəcək. Layihənin başladığı tarixdən etibarən iştirakçı və mentor əlaqələrini, onların nəzəri və praktiki dərslər zamanı görüntülərini əks etdirən videoçarx nümayiş olunacaq.
Daha sonra Film Lab iştirakçılarının komanda halında ərsəyə gətirdiyi final yaradıcılıq işləri qonaqlara təqdim olunacaq. Kino sahəsinin seçilmiş üzvlərindən ibarət münsiflər heyəti təqdim olunan yaradıcılıq işlərindən seçim edərək, növbəti mərhələ üçün Mədəniyyət Nazirliyinə bununla bağlı məlumat verəcək.
Təqdimatın sonunda proqramı uğurla tamamlamış 32 iştirakçı sertifikatlarla təmin olunacaq.
Qeyd edək ki, 450 nəfərdən çox gəncin qatıldığı layihə may ayından start götürüb. Keçirilən mərhələli müsahibələrdən sonra mentorlar tərəfindən 60 gənc “INTERACT Film Lab” iştirakçısı olmaq imkanını qazanıb.
6 ay davam edən layihə çərçivəsində xaricdən dəvət olunmuş kino mütəxəssisləri yerli tələbələrlə nəzəri və praktiki dərslər aparıblar. Kino sənayesinin 5 əsas sahəsi - rejissorluq üzrə Natalya Merkulova, ssenari yaradıcılığı üzrə Aleksey Çupov, təsvir rejissorluğu üzrə Yevgeni Rodin, quruluşçu rəssamlıq üzrə Quram Navrozaşvili və prodüser ixtisası üzrə Valeriya Lebid öz bilik və bacarıqlarını seçilmiş iştirakçılarla bölüşüb. Layihə boyunca bir sıra tanınmış xarici və yerli kino mütəxəssisləri dərslərdən əlavə tələbələrlə yaradıcılıq istiqamətində söhbətlər aparıb.
Layihənin məqsədi peşəkar mütəxəssislər yetişdirərək ölkənin kino sənayesinin inkişafına təkan verməkdir.