SİYASƏT
İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI ƏFQANISTANIN BƏRPASINDA İŞTİRAK ETMƏK NİYYƏTİNDƏDİR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, bunu İƏT-in baş katibi Əshət Orazbay Tacikistan Prezidenti Emoməli Rəhmonovla görüşdən sonra mətbuat konfransında açıqlamışdır. O demişdir ki, yaxın günlərdə Kabildə təşkilatın himayəsi ilə mötəbər konfrans keçiriləcək və burada üzv ölkələr Əfqanıstanın bərpasına hansı formada və nə dərəcədə yardım göstərə biləcəklərini müəyyən edəcəklər.
Xatırladaq ki, İqtisadi Əməkdaşlıq Təşkilatı 1977-ci ilin martında İran, Pakistan və Türkiyə arasında İzmir müqaviləsi əsasında yaradılmışdır. 1992-ci ilin noyabrında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Əfqanıstan, Tacikistan, Türkmənistan və Özbəkistan da ona qoşulmuşlar. Ticarət, nəqliyyat, kommunikasiyalar və energetika İƏT çərçivəsində əməkdaşlığın öncül istiqamətləridir.