İQTİSADİYYAT
İQTİSADİ İNKİŞAF NAZİRLİYİ DÖVLƏT ƏMLAKININ ÖZƏLLƏŞDİRİLMƏSİ DEPARTAMENTİNİN MƏLUMATI
Departamentdə özəlləşdirmə prosesinin daha səmərəli həyata keçirilməsi və şəffaflıq prinsipinin təmin olunması məqsədi ilə məsləhətçi şirkətlərlə əməkdaşlığa geniş yer ayrılır. Bu istiqamətdə Almaniyanın Texniki Əməkdaşlıq Təşkilatı (GTZ) ilə işğüzar əlaqələr yaradılmış və hazırda respublikanın elektrik məişət cihazları, rezin məmulatları istehsalı və ipəkçilik sənayesinin restrukturizasiyası ilə bağlı pilot layihələrin həyata keçirilməsi istiqamətində işlər görülür. Bununla bağlı təşkilatın ekspertləri departamentin nümayəndələri ilə birlikdə müvafiq müəssisələrdə (“Azərelektroterm” SC, “Bakı kondisioneri” SC, “Bakı rezin məmulatları” SC, Bakı şin zavodu, “Cinar” İB, “Şəki-İpək” SC və s.) olmuş, onlara baxış keçirimiş və təhlil aparmışlar.
Almaniya təşkilatı ilə əldə edilmiş razılaşmaya əsasən, bu layihələrin həyata keçirilməsi ilə əlaqədar beynəlxalq ekspertlərin dəvət olunacağı gözlənilir.
Bundan əlavə, beynəlxalq miqyasda geniş nüfuza malik olan “Ernst Younq”, “Baker Botts”, “Ledinqham Chalmers”, “KPMG” və s. məsləhətçi şirkətləri ilə də qarşılıqlı əməkdaşlıq əlaqələri yaradılmışdır. Özəlləşdirmə prosesinə xarici investorların cəlb edilməsi ilə bağlı onların yardımından istifadə olunur.