SİYASƏT
İQTİSAD MƏHKƏMƏSİ RƏYASƏT HEYƏTİNİN İCLASI
Azərbaycan Respublikası İqtisad Məhkəməsi Rəyasət heyətinin birinci yarımilliyin yekunlarına həsr olunmuş geniş iclası keçirilmişdir. İclası giriş sözü ilə açan İqtisad Məhkəməsinin sədri Cəfər Vəliyev 2002-ci ilin birinci yarısında iqtisad məhkəmələrinin fəaliyyətinin başlıca istiqamətlərindən danışdı.
Sədr müavini Sərvət Hüseynov “2002-ci ilin birinci yarımilliyində Azərbaycan Respublikasının iqtisad məhkəmələrində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair” mövzusunda məruzə ilə çıxış etdi. Məhkəmələrin iş fəaliyyətində qarşıya çıxan çətinliklərdən, iş prosesində yol verilən nöqsanlardan danışan natiq məhkəmələr tərəfindən qanunvericilik aktlarının düzgün tətbiq olunmasının vacibliyini vurğuladı.
Sonra yerli iqtisad məhkəmələri sədrlərinin, Beynəlxalq Müqavilələrdən İrəli Gələn Mübahisələrə Dair İşlər üzrə Azərbaycan Respublikası İqtisad Məhkəməsi sədrinin birinci yarımilliyin nəticələrinə həsr olunmuş məlumatı dinlənildi. Onlar rəhbərlik etdikləri məhkəmələrin iş fəaliyyətindən, məhkəmələrdə baxılan işlərin xarakterindən, kateqoriyalarından, habelə iş prosesində qarşılaşdıqları problemlərdən də söz açdılar.
Respublika İqtisad Məhkəməsinin sədri Cəfər Vəliyev iclasa yekun vuraraq, iqtisad məhkəmələrinin birinci yarımillikdəki fəaliyyətini qənaətbəxş qiymətləndirdi, işdə olan nöqsanlara gələcəkdə yol verilməməsi üçün əməli təkliflərini söylədi. Cari ildə iqtisad məhkəmələrinin qarşısında duran vəzifələrdən, perspektiv planlardan danışan sədr hüquqi şəxslərin, sahibkar vətəndaşların qanuni mənafelərinin qorunmasının və pozulmuş hüquqlarının bərpasının vacib olduğunu vurğuladı.
Rəyasət heyəti müzakirə olunan məsələlər barədə müvafiq qərar qəbul etdi.