İQTİSADİYYAT
İRANLA ƏMTƏƏ DÖVRİYYƏSİNİN HƏCMİ 300 MİLYON DOLLARDIR
Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov Semnan vilayətinin ostandarı Məhəmməd Əli Pənceh-Folladqaranla görüşündə bildirmişdir ki, Tehranla Bakı arasında əmtəə dövriyyəsinin həcmi 300 milyon dollar olmuşdur. İyunun 29-da Azərbaycan səfirinin Semnan ostanına səfəri zamanı qarşılıqlı surətdə faydalı olan ikitərəfli münasibətlərin genişləndirilməsi barədə fikir mübadiləsi aparılmışdır. Abbasəli Həsənov qeyd etmişdir ki, hər iki dövlət əmtəə dövriyyəsinin həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır. Məhəmməd Əli Pənceh-Folladqaran da, öz növbəsində, bu ostanın nümayəndə heyətinin Azərbaycana səfərinin nəticələrini çox uğurlu hesab etmişdir. Səfər zamanı bir sıra sazişlər imzalanmışdır. Onun sözlərinə görə, kənd təsərrüfatı, sənaye və turizm sahəsində əməkdaşlığın yaxşı perspektivləri var.