SİYASƏT
İRAN VƏ AZƏRBAYCANIN GÜC NAZİRLİKLƏRİ ARASINDA ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
İran İslam Respublikasının daxili işlər naziri Əbdülvahid Musəvi Larinin dəvəti ilə Azərbaycanın daxili işlər naziri Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyətinin bu ölkəyə rəsmi səfəri başa çatmışdır.
Ölkəmizin İrandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 13-də nazir Ramil Usubov İranın ədliyyə naziri Məhəmməd İsmayıl Şüştəri, kooperasiya naziri, İran-Azərbaycan müştərək komissiyasının həmsədri Əli Sufi və Təhlükəsizlik Şurasının katibi Həsən Ruhani ilə görüşmüşdür.
Görüşlərdə Azərbaycan ilə İran arasında idarəetmənin bütün sahələri üzrə əlaqələrin inkişaf etdiyi, xüsusilə də hüquq-mühafizə orqanlarının sıx əməkdaşlığı vurğulanmış, nazirlər səviyyəsində keçirilən belə rəsmi səfərlərin dövlətlərarası münasibətlərin inkişafında müsbət rol oynadığı bildirilmişdir.
Sonra Ramil Usubov öz həmkarı Musəvi Lari ilə görüşmüş və onlar ölkələrimizin daxili işlər nazirlikləri arasında əməkdaşlığa dair
memorandum imzalamışlar.
Azərbaycan nümayəndə heyəti narkotik vasitələrlə mübarizə muzeyində də olmuş, İranlı həmkarları ilə bu sahədə təcrübə mübadiləsi aparılması perspektivlərini müzakirə etmişdir.
Aprelin 14-də günün birinci yarısında nazir Ramil Usubov İran İslam Respublikasının birinci vitse-prezidenti Məhəmmədrza Ariflə görüşmüşdür. Görüşdə Azərbaycan ilə İran arasında mehriban dostluq və əməkdaşlıq əlaqələrinin mövcudluğu qeyd olunmuş, ötən ilin mayında Azərbaycan Prezidenti Heydər Əliyevin İrana rəsmi səfərindən sonra bu münasibətlərin daha geniş vüsət aldığı xüsusi vurğulanmışdır.
İki ölkə arasında əlaqələrin hərtərəfli inkişafı üçün möhkəm hüquqi bazanın yarandığını qeyd edən tərəflər, bütün sahələr üzrə, xüsusən də hüquq mühafizə orqanları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin, narkotik vasitələrin qeyri-qanuni yayılmasının, dövlətlərimizin maraqlarına zidd olan cinayət əməllərinin qarşısının birgə alınmasının zəruriliyini bildirmişlər. Görüşdə İran və Azərbaycan arasında dostluq münasibətlərinin qorunmasının və iqtisadi-siyasi münasibətlərin inkişaf etdirilməsinin hər iki xalqın mənafeyinə xidmət etdiyi diqqətə çatdırılmışdır.
Görüşlərdə Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov və İranın ölkəmizdəki səfiri Əhəd Qəzai iştirak etmişlər.
Həmin gün Azərbaycanın nümayəndə heyəti Bakıya qayıtmışdır.