İRAN VƏ İRAQ MÜNASİBƏTLƏRİNİ TƏNZİMLƏMƏK QƏRARINA GƏLMİŞLƏR
AZƏRTAC İTAR-TASS Agentliyinə istinadla xəbər verir ki, İran və İraq aralarındakı fikir ayrılıqlarını nizamlamaq məqsədi ilə müştərək komitələr yaradılması barədə razılığa gəlmişlər. Bu, İranın xarici işlər naziri Kamal Xərrazi ilə İraq Baş nazirinin müavini Burhum Saleh arasında Tehranda aparılan danışıqlar başa çatdıqdan sonra elan olunmuşdur.
Qonşu ölkələrin ikitərəfli münasibətlərində bir çox problemlər vardır. 1980-ci ildən 1988-ilədək onlar müharibə vəziyyətində olmuş, müharibədən sonra hər birində hərbi əsirlər qalmışdır. Tehranın İraqdakı şiələri dəstəkləməsinə görə əvvəllər Bağdadın sünni rəhbərliyi narazılıq etsə də, Səddam Hüseyn rejimi devrildikdən sonra Bağdad və Tehran belə qərara gəlmişlər ki, ikitərəfli münasibətləri daha yüksək səviyyəyə qaldırmaq vaxtı çatmışdır.