SİYASƏT
İRAQLA İRAN ARASINDA NEFT KƏMƏRİNİN TİKİNTİSİ BARƏDƏ İLKİN RAZILIQ ƏLDƏ EDİLMİŞDİR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, İraqın neft naziri bildirmişdir ki, İraq neftinin ixracını asanlaşdırmaq məqsədi ilə İran ərazisindən neft kəmərinin çəkilməsi barədə iki ölkə arasında ilkin razılıq əldə edilmişdir.
Nazirin sözlərinə görə, 10 kilometrlik boru kəməri Fars körfəzi sahilindəki Abadan limanından keçəcəkdir. O, layihənin maliyyə, siyasi və iqtisadi cəhətlərinə toxunaraq demişdir ki, İraq rəhbərliyi həmin qərarı qəbul edərkən ABŞ tərəfindən heç bir maneəyə rast gəlməmişdir.
Kəmərin tikintisinə başlamaq barədə son qərar layihənin iqtisadi baxımdan məqsədəuyğunluğu öyrənildikdən sonra qəbul ediləcəkdir. İlkin hesablamalara görə, neft kəmərinin tikintisi təqribən üç ay çəkəcək və o, ilin sonunda işə salınacaqdır.