İDMAN
İRNA Agentliyi: Formula-1 Avropa Qran-pri yarışı uğurla başa çatdı
Tehran, 21 iyun, AZƏRTAC
İran İslam Respublikasının İRNA Agentliyi Bakıda keçirilən Formula-1 Avropa Qran-pri yarışının uğurla başa çatdığını yazır.
Yazıda qeyd olunur ki, Formula-1 Avropa Qran-prisinin qalibi “Mersedes” komandasının üzvü Niko Rosberq olub. Almaniyalı pilot məsafəni 1 saat 32 dəqiqə 52 saniyəyə qət edib. İkinci yerə “Ferrari” komandasının almaniyalı pilotu Sebastian Fettel çıxıb. Üçüncü yerdə isə “Force İndia” komandasının meksikalı pilotu Serxio Peres qərarlaşıb. Birinci yerin sahibinə kuboku Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.
Yazıda pilotların qət etdikləri 6 kilometrlik trek haqqında da məlumat verilir. Marşrutun Bakının gözəl və tarixi məkanlarından keçdiyi vurğulanır. İçərişəhərdən keçən hissə isə xüsusilə maraqlı idi. İçərişəhərin UNESCO-nun Dünya İrsi Siyahısına daxıl olduğu diqqətə çatdırılır. Qeyd edilir ki, yarışı 30 minə yaxın yerli və xarici tamaşaçı izləyib. Bu məqsədlə Azərbaycanın paytaxtına on mindən çox turist gedib. Belə yarışların dünyada çox populyar olduğu qeyd edilən yazıda bu idman tədbirinin Azərbaycanın təbliğində müsbət rol oynadığı bildirilir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran