“İRS” jurnalının italyan dilində yeni nömrəsi işıq üzü görüb
AzerTAg.az
Roma, 10 mart, AZƏRTAC
“İRS” jurnalının italyan dilində növbəti nömrəsi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, jurnalın yeni nömrəsində Azərbaycan-İtaliya əlaqələri, ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhəri haqqında, eləcə də Qarabağda abidələrin və memarlıq irsinin bərpasına dair məlumatlar yer alıb.
Ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanovun məqaləsində Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsindən, bu dövr ərzində iki ölkə əlaqələrinin inkişafından və strateji əməkdaşlığın nəticəsi olaraq müxtəlif sektorlar üzrə əldə edilən uğurlardan bəhs olunub.
Bundan başqa, 270 yaşlı Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ötən il isə ölkəmizdə “Şuşa İli” elan edildiyi bildirilir. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarıldığı, hazırda şəhərdə işğalın nəticələrinin aradan qaldırılması üçün fəal iş aparıldığı, Qarabağda tarixi abidələrin və memarlıq irsinin bərpasının həyata keçirildiyi qeyd edilir. Həmçinin Azərbaycanın və Qafqazın mədəniyyət paytaxtı Şuşanın bəşər mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlər haqqında ətraflı məlumat verilir.
Digər məqalədə Ermənistanın paytaxtında şəhərsalma adı altında mədəni-tarixi irs nümunələrimizin, o cümlədən İrəvan qalasının məhv edilməsi, bu şəhərin Azərbaycanın keçmişinə aid olduğuna dair faktlar yer alıb.
Jurnalını bu sayında Azərbaycanla İtaliya arasında mədəni əlaqələrə, ölkəmizdə qadınların ictimai həyatın müxtəlif sahələrində roluna, Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə keçirilən Milli Yaylaq Festivalına dair məqalələr dərc olunub.
Qeyd edək ki, “İRS” jurnalı Azərbaycan həqiqətlərinin dünyada yayılması, ölkəmizin mədəniyyətinin və incəsənətinin xaricdə təbliğində mühüm rol oynayır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma







Xəbərin mətnində orfoqrafik səhv var