QAN YADDAŞI
ISESCO Uşaq Məsələləri Nazirlərinin 5-ci İslam Konfransının plenar iclasında Xocalı soyqırımından danışılıb
Bakı, 21 fevral, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Rabat şəhərində keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Uşaq Məsələləri Nazirlərinin 5-ci İslam Konfransının plenar iclasında Xocalı soyqırımı ilə bağlı təqdimatla çıxış edib. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.
Hicran Hüseynova çıxışı zamanı qeyd edib ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv erməni siyasətinin nəticəsidir. Xalqımız dəfələrlə tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. Beynəlxalq hüququn normalarına zidd olaraq Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda istənilən cinayətə və vəhşiliyə hazır olduğunu nümayiş etdirir.
Komitə sədri bildirib ki, artıq iyirmi dördüncü ildir atəşkəs rejimi elan olunub. Lakin dəfələrlə bu rejim pozulur, nəticədə mülki şəxslər, uşaqlar yaralanır, qətlə yetirilir, mülki obyektlərə ziyan vurulur. Bu vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir. Biz hər hansı bir uşağın istər azərbaycanlı olsun, istərsə də digər millətin nümayəndəsi olsun müharibədən əziyyət çəkməsinə qarşıyıq. Lakin təəssüflər olsun ki, atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub.