İSTANBULDA TERRORÇULAR DİNDİRİLİR
AZƏRTAC-ın Anadolu agentliyindən aldığı xəbərə görə, noyabrın 24-də İstanbul dövlət təhlükəsizliyi məhkəməsində Böyük Britaniya nümayəndəlikləri qarşısındakı partlayışlar haqqında iş üzrə dinləmə başlanmışdır. Məlum olduğu kimi, partlayış nəticəsində 29 adam ölmüş, 450 nəfər yaralanmışdır.
Terror aktlarında şübhəli bilinən 18 nəfər məhkəmə qarşısında cavab verməli olub. Onlar partlayışdan sonra İstanbulda saxlanılmışlar. İstintaqın mənafeyi naminə onların kimliyi açıqlanmır. Müttəhimlər məhkəmə salonuna istintaq təcridxanasından qruplarla gətirilir. Onların hamısı “partlayış törədən şəxslərə yardım göstərməkdə və sığınacaq verməkdə“ ittiham olunur.