İDMAN
İTALİYA NAZİRİ ÖLKƏNİN BÜTÜN STADİONLARINI BAĞLAMAQLA HƏDƏLƏYİR
İtaliyanın daxili işlər naziri Culiano Amato bildirmişdir ki, futbol oyunları zamanı baş verən zorakılıq, hətta tamaşaçıların stadionlara girişinin qadağan edilməsi yolu ilə də olsa, dayandırılmalıdır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Amato “Repubblika” qəzetinə müsahibəsində demişdir: “Ümidvaram ki, azarkeşlər, milli yığmanın iştirakı ilə keçirilən oyunlar da daxil olmaqla, bütün yarışların dayandırılmasının nəticələrini anlayırlar. Onlar ömürlük topa və futbol oyunlarına həsrət qala bilərlər. Stadionlar isə boş qalacaq və dəmir hasarlara alınacaqdır. Mən vəd edirəm ki, əgər heç nə dəyişməsə, belə də olacaqdır. Əgər stadionlar qətllər üçün lazımdırsa, biz buna yol verə bilmərik”.
Nazir bu sözləri Siciliyanın Kataniya şəhərində yerli futbol komandası ilə “Palermo” klubu arasında oyundan sonra baş vermiş faciəli hadisələrlə əlaqədar demişdir.
Xatırladaq ki, oyundan sonra baş vermiş iğtişaşlar zamanı 38 yaşlı polis nəfəri həlak olmuşdur. Onun maşını fişəng düşməsi nəticəsində partlamışdır. Daha bir neçə yüz adam, o cümlədən təxminən 20 polis əməkdaşı yaralanmışdır. Polislərdən biri ağır vəziyyətdədir.
Kataniya prokurorluğu hadisə ilə bağlı cinayət işi açmışdır. 29 nəfər (əsasən, yeniyetmələr) həbs olunmuşdur. İtaliya Futbol Federasiyasının fövqəladə komissarı Luka Pankalli azı iki həftə ərzində bütün səviyyələrdə futbol oyunlarını dayandırmağı tapşırmışdır. Onun qərarını DİN-in başçısı Amato və Baş nazir Romano Prodi də dəstəkləmişlər.
İtaliya hökumətinin oyunları dayandırmaq qərarını FİFA-nın başçısı Yozef Blatter və UEFA-nın təzə seçilmiş başçısı Mişel Platini də bəyənmişlər.