MƏDƏNİYYƏT
IV Buktreyler Festivalının münsiflər heyəti öz işinə başlayıb
Bakı, 15 aprel, AZƏRTAC
IV Buktreyler Festivalının münsiflər heyəti artıq öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Buktreyler Festivalının təsisçisi və direktoru, kinoaktyor Ruslan Sabirli məlumat verib.
O deyib: “Buktreylerlərin qəbulu başa çatdıqdan sonra Təşkilat Komitəsi tərəfindən buktreylerlərə baxış keçirilərək iştirak şərtlərinə, qoyulan tələblərə uyğunluğu yoxlanmışdır və festival qəbul edilmiş buktreylerlər münsiflər heyətinə təqdim edilib. Obyektivliyi qorumaq məqsədilə münsiflər heyətinin üzvlərinin adları səsvermədən sonra açıqlanır. Həmçinin onu da qeyd etmək istəyirəm ki, münsiflər heyəti səsverməni birlikdə toplaşaraq deyil, ayrı-ayrılıqda, yəni, bir-birlərindən xəbərsiz səs verməklə həyata keçirirlər ki, bu da nəticələrin daha da obyektiv olmasını təmin edir. Hər bir iştirakçıya uğurlar arzulayıram”.
Xatırladaq ki, festival qaliblərini 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1.000, 800 (hərəsi) və 500 (hərəsi) AZN, “Ən yaxşı mobil buktreyler” nominasiyası üzrə isə 1.000 AZN pul mükafatları gözləyir.
Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən videoçarx və ya treylerdir.
“Kitabı tanıdın, kitabla tanının” sloqanlı Buktreyler Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.
Festivalın təsisçisi və direktoru kinoaktyor Ruslan Sabirlidir. Festivalın təşkilati dəstəkçiləri Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası, əsas tərəfdaşı isə ölkənin lider mobil operatoru Azercell şirkətidir.