REGİONLAR
IX Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Qaxda Gənclər Kamera Orkestrinin konserti keçirilib
Qax, 29 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Doqquzuncu Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 29-da axşam Qax şəhərindəki “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin konserti olub.
Mərkəzin yay səhnəsində keçirilən konsertdə yerli musiqisevərlər, həmçinin şəhərin qonaqları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, konsertə başlamazdan əvvəl rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, artıq 6 ildir Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Qax şəhərinin bu tarixi məkanında yerli və xarici ölkələrin tanınmış musiqi kollektivlərinin iştirakı ilə səyyar konsertlərin təşkil olunduğunu diqqətə çatdırıb. O, bugünkü konsertin təşkilinə görə musiqisevərlər adından festivalın rəhbərlərinə minnətdarlığını bildirib.
Orkestrin direktoru, Xalq Artisti, Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundova çıxış edərək Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində səyyar konsertlərdən birinin Qax şəhərində keçirilməsinin artıq ənənə halını aldığını diqqətə çatdırıb və bundan böyük şərəf duyduğunu vurğulayıb.
Məlumat verilib ki, Gənclər Kamera Orkestri 2011-ci ildən fəaliyyət göstərir. Orkestrin bədii rəhbəri Azərbaycan və SSRİ Xalq Artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylidir. Orkestrin repertuarına Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının əsərləri daxildir. Kamera orkestri ilə respublikamızın tanınmış ifaçıları çıxış ediblər. Kollektiv dəfələrlə xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə, festivallarda uğurla çıxış edib.
Əməkdar Artist Fuad İbrahimovun dirijorluğu ilə keçən konsertdə Aqşin Əlizadənin “Cəngi”, Azərbaycanın xalq mahnıları “Mən səni araram”, “Gəl bizə”, “Qaragilə”, xalq rəqsi “Uzundərə”, Fərhad Bədəlbəylinin “Dəniz”, Cahangir Cahangirovun “Alagöz”, Antonio Vivaldinin “İlin fəsilləri” konsertindən “Yay”, Montinin “Çardaş”, Niyazinin “Qaytağı”, “Arzu”, Fikrət Əmirovun “Nizami” simfoniyasından 3-cü hissə və digər tanınmış bəstəkarların əsərləri ifa olunub. Solistlər respublika və beynəlxalq müsabiqələr laureatları Aydan Quliyevanın, Nicat Məsimovun (balaban), Aytən İbrahimovanın, Ümidə Abbasovanın, Nəzrin Aslanlının, Orxan Cəlilovun, Anar İbrahimovun, Seymur Həsənovun (qarmon) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
IX Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti səyyar konsert iyulun 30-da Şəki şəhərində keçiriləcək.