CƏMİYYƏT
İbrahim Məmmədov: Eyni vaxtda həm iqtisadi aktivliyi artırmalıyıq, həm də özümüzü qorumalıyıq
Bakı, 29 may, AZƏRTAC
Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah martın sonlarından başlayan xüsusi karantin rejimindən tədrici çıxışın növbəti mərhələsini elan edir. Əvvəlki yumşaldılma qərarlarında olduğu kimi bu dəfə də ikipilləli qərar qəbul olunub. Yəni, bir tərəfdən karantin rejiminin müddəti iyunun 15-dək uzadılıb. O biri tərəfdən də onun şərtləri yumşaldılıb.
AZƏRTAC xəbər verir ki, bunu mayın 29-da Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Onun sözlərinə görə, bu yanaşmanın bazası ondan ibarətdir ki, əmək fəaliyyəti, iqtisadi fəallıq mümkün qədər bərpa olunsun, eyni zamanda, insanların qapalı yerlərdə, çox sayda, uzun müddət toplaşması istisna edilsin. Eyni vaxtda həm iqtisadi aktivliyi artırmalıyıq, həm də özümüzü qorumalıyıq. Bu ikisini bir yerdə tətbiq etməyi öyrənməliyik. Bu zaman özümüzü həm xəstəlikdən qoruya biləcəyik, həm də karantin rejimi iqtisadi böhran vəziyyətinə keçməyəcək. Buna görə də vətəndaşların az sayda hərəkət və fəaliyyət azadlığına imkan verilir.