İQTİSADİYYAT
İbrahimpaşa Dadaşov küçəsində aparılan təmir işləri yekunlaşıb VİDEO
Bakı, 17 fevral, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur. Bu tədbirlər çərçivəsində “İnvestisiya Proqramı”na əsasən, İbrahimpaşa Dadaşov küçəsində aparılan əsaslı təmir işləri yekunlaşıb.
AAYDA-dan AZƏRTAC-a bildirilib ki, təmir işləri küçənin Ziya Bünyadov prospekti və Məmməd Araz küçələri arasında yerləşən 650 metrlik hissəsində aparılıb.
Aparılan təmir işləri çərçivəsində küçəboyu köhnə asfalt-beton örtüyü sökülüb, mövcud piyada səkiləri 1000 kvadratmetr sahədə bərpa olunub, küçəboyu yeni səki daşları düzülüb.
Layihəyə uyğun olaraq səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, 5 yeni yağış barmaqlığı quraşdırılıb, kommunikasiya xətlərinin 46 baxış qapağı yenisi ilə əvəz olunub.
Bundan başqa İbrahimpaşa Dadaşov küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən içməli və tullantı su xətləri yenilənib. İşlərin operativ və qısa müddətdə yekunlaşdırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və “Azərsu” ASC koordinasiyalı şəkildə fəaliyyət göstərib. Kommunikasiya xətlərinin yenilənməsi gələcəkdə qəza hallarının baş verməsini minimuma endirməklə asfalt-beton örtüyünün sıradan çıxmasının qarşısını alacaq.
Kommunikasiya xətlərinin yenilənməsindən sonra qazılmış ərazidə əks-dolğu və kipləşmə işləri aparılıb. Ardınca küçəboyu 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Aparılan yenidənqurma işləri çərçivəsində yol kənarları və baxımsız vəziyyətdə olan ağacların dibləri abadlaşdırılıb.
Son mərhələdə isə küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Xatırladaq ki, dövlətimizin başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2021-ci illər ərzində Nərimanov rayonu ərazisində 35 kilometrdən çox uzunluğa malik küçə və yol təmir edilib.