MƏDƏNİYYƏT


“İçərişəhər” İdarəsinin üzv olduğu Dünya İrs Şəhərləri Təşkilatının onlayn formatda illik iclası keçirilib

Bakı, 13 sentyabr, AZƏRTAC

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin üzv olduğu Dünya İrs Şəhərləri Təşkilatının (OWHC) onlayn formatda illik iclası keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, illik iclasda bir sıra məsələlər, o cümlədən təşkilatın baş katibinin seçilməsi, təşkilati məsələlər və gələcək fəaliyyətlər müzakirə edilib. Onlayn konfransda, eyni zamanda iki müsabiqə üzrə qaliblər də açıqlanıb. İlk olaraq “İrs naminə Jean-Paul-Lallier mükafatı”nın qalibləri, daha sonra “Yeni başlanğıc. Yeni baxış. Yeni şəhər” mövzusunda tarixi şəhərlərə həsr olunmuş beynəlxalq videomüsabiqənin qalibləri elan edilib.

Müsabiqə üzrə birinci yeri (18-21 yaş kateqoriyasında) idarənin təşkilati və əlaqələndirmə dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Nurcan Daşdəmirova tutub. Qeyd edək ki, o, müsabiqəyə İçərişəhərlə bağlı olan “Buta” adlı video ilə qatılıb.

Daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov çıxış edərək yeni seçilmiş baş katibi və videomüsabiqə qaliblərini təbrik edib. O, çıxışında OWHC ilə İçərişəhər arasında əməkdaşlığın yüksək səviyyədə davam etdiyini vurğulayıb, eləcə də təşkilat tərəfindən keçirilən bu növ müsabiqələrin tarixi şəhərlərin beynəlxalq səviyyədə təbliği, gənclərin mədəni irs və tarixi abidələr haqqında məlumatlılıq səviyyəsinin artırılması baxımından əhəmiyyətli olduğunu bildirib.

Qeyd edək ki, idarə 2016-cı ildə Dünya Şəhərləri Təşkilatı (OWHC) ilə əməkdaşlıq edir. “İçərişəhər” İdarəsi 2018-ci ildə təşkilatın Direktorlar Şurasının iclasına ev sahibliyi edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.