ELM VƏ TƏHSİL
İctimai Şuranın üzvləri ADPU-nun Quba filialında imtahan prosesini izləyiblər
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru dosent Yusif Alıyev və İctimai Şuranın üzvləri tələbələrin imtahan prosesini izləyib, filialda yaradılan təlim, tədris şəraiti ilə tanış olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, dosent Yusif Alıyev görüş zamanı tələbələrlə təhsilin inkişafı istiqamətində fikir mübadiləsi aparıb.
Sonra filialın tədris korpusu ilə tanışlıq olub, yeni quraşdırılan turniket sistemi təqdim olunub.
İctimai Şuranın üzvləri - Quba 5 saylı Regional “Mətbuat yayımı” idarəsinin rəisi, şair Ramiz Qusarçaylı, Quba şəhər Azad Məmmədov adına 2 nömrəli tam orta məktəbin direktoru Eynulla Camalov, Quba Dövlət Sosial İqtisad Kollecinin direktoru Cəvahir İskəndərova filialda son dövrlər aparılan yeniliklər, həyata keçirilən layihələr barədə məlumat veriblər.
Qeyd edək ki, 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində ADPU Quba filialında tədrisin təşkili, imtahan prosesinin monitorinqi üçün İctimai Şura yaradılıb.