CƏMİYYƏT
İctimai dinləmə: Narkomaniyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu VİDEO
Bakı, 3 mart, AZƏRTAC
Martın 3-də Daxili İşlər Nazirliyi yanında İctimai Şura və polis əməkdaşlarının iştirakı ilə “Narkomaniyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu” mövzusunda ictimai dinləmə təşkil edilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə İctimai Şuranın üzvləri, Nazirliyin aidiyyəti Baş İdarəsinin əməkdaşları, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, digər hüququ mühafizə orqanlarının və müxtəlif Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak ediblər.
Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev bildirib ki, bu gün bəşəriyyəti narahat edən mühüm məsələlərdən biri də narkomaniyadır. Artıq “ağ ölüm” kimi az qala bütün dünyanı ağuşuna alan bu sosial bəla hər il çox sayda insanın ölümünə səbəb olur. Azərbaycan hökuməti də ümumbəşəri problemə çevrilən narkomaniyanın yayılmasının qarşısının alınması məqsədilə tədbirlər görür, ona qarşı mübarizədə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir.
Polis əməkdaşları qeyd ediblər ki, ötən il qeyri-leqal dövriyyədən 3 ton 418 kiloqram narkotik vasitə çıxarılıb, 172 tondan artıq narkotik xassəli bitkilər aşkarlanaraq məhv edilib. Yeniyetmələr və gənclər arasında antinarkotik təbliğat məqsədyönlü davam etdirilib, ölkədə narkotiklərə olan tələbatın azaldılması sahəsində profilaktik tədbirlər görülüb. Bu vacib sahədə işin vətəndaş cəmiyyəti və media nümayəndələri, sosial şəbəkə istifadəçiləri ilə əlaqəli aparılması təmin edilib.
İctimai dinləmədə çıxış edən digər iştirakçılar narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün cəmiyyətin hər bir təbəqəsinin birgə fəaliyyətinin mühüm olduğunu vurğulayıblar. Həyata keçirilən antinarkotik tədbirlərin, sosial layihələrin daha da geniş tamaşaçı auditoriyasına çatdırılması üçün profilaktik işin daha gücləndirilməsinin zəruriliyini qeyd ediblər.
Tədbirdə, həmçinin narkomaniyanın qarşısının alınması üçün maarifləndirmə işinin daha da gücləndirilməsinə, QHT-lərin resurslarının artırılmasına, birgə koordinasiyanın təşkilinə və digər vacib məqamlara da toxunulub.