CƏMİYYƏT
İctimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlarla onlayn görüş keçirilib
Bakı, 13 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən koronavirusun (COVID-19) profilaktikasına dair ictimai iaşə müəssisələrində həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı aşkar olunmuş nöqsanlar, yoxlamaların statistik nəticələri və təhlilinə dair, həmçinin pandemiya dövründə ictimai iaşə müəssisələrində əməyin mühafizəsi ilə bağlı bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələrinə təlim keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, videobağlantı formatında keçirilən təlimdə ictimai iaşə müəssisələrinin əməl etməli olduğu vacib tədbirlər, habelə pandemiya dövründə yarana biləcək risklərin minimuma endirilməsi üçün qida sektorunda fəaliyyət göstərən hər bir sahibkarlıq subyekti sosial məsuliyyətini dərk edərək daha intizamlı işləməli, öz fəaliyyətini əhalinin sağlamlığının və rifahının qorunmasına xidmət edəcək şəkildə həyata keçirməli olduğu barədə ətraflı bəhs olunub. Yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının qarşısının alınması məqsədilə maksimum tədbirlər görməli, virusun profilaktikasına dair Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara riayət olunmasına ciddi nəzarət etməli olduqları sahibkarların diqqətinə çatdırılıb.
Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri sahibkarlara İSO 45001 standartının işçilərin sağlamlığını və təhlükəsizliyini artırmaq, eləcə də iş yerindəki riskləri azaltmaq baxımından əhəmiyyəti barədə geniş məlumat veriblər.
Təlimdə qeyd olunub ki, xüsusən insanların sıx toplaşdığı digər məkanlar kimi ictimai iaşə müəssisələrinin fəaliyyəti pandemiya şəraitinə uyğun təşkil edilməli, ictimai iaşə müəssisələrində qida ilə təmasda olan səthlərin, avadanlıqların təmizliyi nəzarətdə saxlanılmalı, qida ilə təmasda olan şəxslər vaxtaşırı tibbi müayinədən keçməlidir. Həmçinin, görüşdə iştirak edənlərin nəzərinə o da çatdırılıb ki, ictimai iaşə müəssisələrində istər müştərilər, istərsə də işçilər tərəfindən əl və tənəffüs gigiyenasına riayət etmək COVID-19-a yoluxmanın qarşısını alan vacib şərtlərdəndir ki, sahibkarlıq subyektlərinin rəhbərləri bu tələblərə əməl edilməsini mütəmadi nəzərdə saxlamalıdırlar.
Sahibkarlara məlumat verilib ki, ictimai iaşə müəssisələrində koronavirusun profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə agentlik tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə məkanlarında monitorinqlər həyata keçirilir. Bununla bağlı sahibkarlara dəfələrlə xəbərdarlıqlar edilib, onlara maarifləndirici məlumatlar verilib və bundan sonra da həmin qaydalara əməl etməyən sahibkarlar barəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.
Görüşdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.