CƏMİYYƏT
İctimai müəssisələrdə və məktəblərdə yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirilib
Bakı, 29 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gəncə şəhər 41 nömrəli tam orta məktəbdə, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi “Azərxalça” ASC-nin Qobustan rayon filialında, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağdam rayon Quzanlı qəsəbəsindəki pambıq istehsalı və tədarükü məntəqəsində, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yardımlı şəhər V.Nəsiyev adına 4 nömrəli tam orta məktəbdə, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Siyəzən şəhər Uşaq gənclər Şahmat və İnkişaf mərkəzində, habelə Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Qəbələ Rayon Mərkəzi Xəstəxanasında maarifləndirmə tədbirləri keçirib.
FHN-dən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, eləcə də həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.
Həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına-hovuzlara, kəmərlərə, çən və hidrantlara diqqətlə yanaşılmasının vacibliyi qeyd olunub,
Eləcə də ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.