ELM VƏ TƏHSİL
İdarəetmə Sistemləri İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Bakı, 20 yanvar, AZƏRTAC
İdarəetmə Sistemləri İnstitutunda 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov 20 Yanvar hadisəsinin tarixi kökləri və başvermə səbəblərindən danışıb. O bildirib ki, Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda tarix boyu çox sayda şəhidlər verib. Lakin onun iradəsi sınmayıb və milli ruhu sarsılmayıb. 20 Yanvar hadisələri də göstərdi ki, xalqımız öz müstəqilliyini, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün savaşmaq əzmindədir. 20 Yanvar şəhidləri də öz həyatlarını qurban verərək bunu bir daha sübut etdilər.
Direktor vurğulayıb ki, 20 Yanvar faciəsinə və Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətə ilk olaraq öz münasibətini və kəskin etirazını bildirən ümummilli lider Heydər Əliyev olub. Məhz Heydər Əliyev respublikamızın rəhbərliyinə qayıtdıqdan sonra 20 Yanvar faciəsinin siyasi və hüquqi qiyməti verildi. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün geniş tədbirlər planı həyata keçirildi. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini daim uca tutmuş, onların ailə üzvlərinə ardıcıl olaraq maddi və mənəvi dəstək göstərib. Bu tədbirlər gənclərimizin yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmasına zəmin yaratmışdır. Məhz bu ruh Qarabağ uğrunda Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuza və xalqımıza inamlı qələbə qazandırmış, əsgər və zabitlərimizin Azərbaycanın haqq işi uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş məharətini bütün dünyaya nümayiş etdirib. Azərbaycan xalqı və dövləti bundan sonra da Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini daim uca tutacaq, qazilərimizə isə hərtərəfli dəstək olacaq.
Sonra AMEA-nın müxbir üzvü Qorxmaz İmanov, professorlar Allahverdi Həsənov, Nailə Musayeva, Qəmbər Quluyev, Fəhrad Paşayev, dosentlər Tofiq Babayev, Gülçin Abdullayeva, Ədalət Paşayev, Rauf Qədimov, Rəna Əsədova, Rəşad Məstəliyev və başqaları çıxış edərək 20 Yanvar faciəsinin yaranma səbəbi və nəticələrindən bəhs ediblər, öz xatirələrini bölüşüblər. Bu hadisələrin Azərbaycan xalqının başına gələn dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də xalqımızın azadlıq mübarizəsinin rəmzi, tariximizin qəhrəmanlıq salnaməsi olduğunu və xalqın yaddaşından heç vaxt silinməyəcəyini söyləyiblər.