İQTİSADİYYAT
İdxal olunan zəruri ərzaq məhsulları ƏDV-dən necə azad edilir?
Bakı, 22 iyun, AZƏRTAC
Vergi Məcəlləsinə əlavə edilən 18-ci fəslin 224.4-cü maddəsinə əsasən, müvəqqəti vergi rejimi müddətində əhalinin sağlamlığının və zəruri ərzaq məhsulları ilə ehtiyaclarının təmin edilməsi məqsədilə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunan məhsul (mal) növlərinin idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilib.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin şərhində bu məsələyə bir daha aydınlıq gətirilib.
İqtisadçının sözlərinə görə, zəruri ərzaq məhsullarına vergi güzəştinin tətbiq edilməsi ölkədə ərzaq təhlükəsizliyinin qorunub saxlanılması baxımından əhəmiyyət kəsb edir. Belə ki, bu azadolma və tətil paketi sahibkarlıq subyektlərinə qənaət olunan vəsaitdən biznesi qorumaq və inkişaf etdirmək üçün istifadə etməyə imkan verir.