ELM VƏ TƏHSİL
İfaçılıq imtahanı klassik, milli və modern rəqslər üzrə eyni meyarlarla qiymətləndirilir

Bakı, 30 may, AZƏRTAC
Xoreoqrafiya sənəti ixtisasının klassik rəqs, milli rəqs və modern rəqs sahələri üzrə qabiliyyət imtahanı “İfaçılıq” fənnindən keçiriləcək. İfaçılıq imtahanı hər üç ixtisaslaşma üçün eyni meyarlarla qiymətləndirilir.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, xoreoqrafiya sənəti (klassik rəqs, milli rəqs və modern rəqs) ixtisaslaşmaları üzrə imtahanda abituriyentin rəqslərində koordinasiyanın müəyyənliyi, hərəkətlərin, maneranın düzgün olması, rəqs dəzgahı yanında və zal məkanında ifa olunan ekzersisdə gövdə, ayaq, əl və qolların, başın düzgün saxlanması, ayaqların dizdən və pəncədən ifadəli çevrilməsi və yana açılması bacarığı qiymətləndirilir.
İfaçılıq üzrə imtahanda abituriyent: (seçim üzrə)
a) klassik rəqs (ekzersis);
b) xalq səhnə rəqsi (ekzersis);
c) Azərbaycan rəqsi (etüd);
d) modern rəqs (etüd) ifa etməlidir.
Xoreoqrafiya sənəti (sahələr üzrə) ixtisası üzrə imtahanın nəticəsi 10 ballıq şkala ilə qiymətləndirilir. Altı və daha yuxarı qiymət müsbət qiymət hesab edilir. Verilən hərəkətlər kompozisiyasının və elementlərin tempdə və texniki cəhətdən ifa səviyyəsi maksimum 4, ifa olunan hərəkətlərin kombinasiyasının dəqiq yerinə yetirilə bilməsi – ifaçılıq yaddaşı 2, ifa olunan hərəkətlərin kombinasiyasının musiqiyə uyğunluq səviyyəsi (ritm, musiqinin ölçüsü, ritmik şəkil, temp) 2, ifanın bədii səviyyəsi (artistlik, ifadəlilik, obrazlılıq) 2 balla qiymətləndirilir.