İQTİSADİYYAT


İkiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydalarında dəyişiklik edilib

Bakı, 27 yanvar, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin Kollegiyasının qərarı ilə “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın və müvafiq sənədlərin doldurulması qaydalarının təsdiq edilməsi haqqında” 2017-ci il 12 iyun tarixli Qərarında dəyişiklik edilib.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Qərara əsasən, “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”na bir sıra əhəmiyyətli dəyişikliklər olunub və yeni əlavələr təsdiq edilib.

Bu qaydalar Azərbaycan Respublikası ilə hər hansı xarici dövlət arasında imzalanmış və müvafiq dövlətdaxili prosedurlara uyğun qaydada qüvvəyə minmiş gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin icrasının təmin edilməsini müəyyənləşdirir.

Qeyd olunub ki, Dövlət Vergi Xidməti tərəfindən ötən dövrlərdə mütəmadi olaraq “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın tətbiqi ilə bağlı rezidentlərin və qeyri-rezidentlərin rastlaşdıqları çətinliklər araşdırılıb. Bununla bağlı, beynəlxalq müqavilələrin tətbiqi ilə əlaqədar bir sıra dövlətlərin təcrübəsi nəzərdən keçirilib və müvafiq qərarla inzibatçılıq qaydalarına əlavə və dəyişikliklər edilib.

Eyni zamanda, yeni dəyişikliklərdə beynəlxalq müqavilələrdən sui-istifadə hallarının qarşısının alınması, əvvəlcədən vergidən azadolmanın və ya məhdud vergitutmanın tətbiqi ilə bağlı prosedurun sadələşdirilməsi və faktiki sahibliyin müəyyən olunması şərtləri ilə bağlı yeni müddəalar öz əksini tapıb.

Müvafiq qaydalarla, həmçinin DTA (Double Taxation Agreements) formaları - Azərbaycan Respublikası ilə hər hansı xarici dövlət arasında imzalanmış və müvafiq dövlətdaxili prosedurlara uyğun qaydada qüvvəyə minmiş beynəlxalq müqavilələr əsasında, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması məqsədilə rezident və (və ya) qeyri-rezident tərəfindən təqdim edilən ərizə formaları da təsdiq edilib. DTA ərizələrinin 5 forması mövcuddur. Ərizə formalarının hər birinin vahid nümunəsi Qaydaların əlavələri ilə müəyyən edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.