ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutu Zaqatalada abituriyentlərlə görüş təşkil edib

Bakı, 17 may, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə instituta yüksək intellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün məlumatlandırma tədbirlərini davam etdirir. İnstitut kollektivinin növbəti səfəri Zaqatala rayonuna olub.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla yad edilib.

İnstitutun rektoru Ceyhun Məmmədov ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin təhsil sahəsində apardığı islahatlardan danışıb. Bildirib ki, bu sahədə görülən genişmiqyaslı işlər ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə imkan yaradır.

Rektor institutun yaranma tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və beynəlxalq əlaqələri haqqında məlumat verib. Tələbə-müəllim münasibətlərindən bəhs edən rektor gənclərin hərtərəfli inkişafı, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli təhsil almaları üçün ali təhsil müəssisəsində lazımi şərait yaradıldığını nəzərə çatdırıb.

Aİİ-nin islamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov tədris olunan fənlər, ixtisaslar haqqında məlumat verib. İnstituta qəbul olunan abituriyentlərin bütün dinlər, xüsusilə İslam dini haqqında dərin biliklərə sahib olacaqlarını vurğulayıb. Qeyd edib ki, ali təhsil müəssisəsində dərslər ingilis və ərəb dillərində sərbəst şəkildə mühazirə oxuya bilən, öz sahələrində dərin biliyə malik alimlər tərəfindən aparılır.

Aİİ-nin magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin təşkil olunduğu forma, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. Diqqətə çatdırıb ki, instituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq. Fidan Yusifova tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını qeyd edib.

Sonra abituriyentlərə, orta məktəb müəllimlərinə, aidiyyəti dövlət qurumlarının nümayəndələrinə Aİİ-nin tanıtım videoçarxı, ictimai fəaliyyətini əks etdirən materiallar nümayiş etdirilib.

Görüşün sonunda abituriyentlərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.