ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutu abituriyentlərlə görüşlərini davam etdirir
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2020-2021-ci tədris ili üzrə instituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. Ali təhsil müəssisəsinin növbəti görüşü Bakı şəhərinin Qaradağ rayonunda olub.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Bakı şəhəri Qaradağ Rayon Faiq Rəfiyev adına 166 nömrəli məktəb-liseyin direktoru Şəmsi Qocayev hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə təhsilə qayğının yüksək səviyyədə olduğunu qeyd edib. O bildirib ki, bu sahədə həyata keçirilən islahatlar, ilk növbədə, Azərbaycanın xoşbəxt və firavan gələcəyinə hesablanıb.
Aİİ-nin rektoru Ceyhun Məmmədov müstəqil Azərbaycan Respublikasında təhsilə, onun inkişafına dövlətimiz tərəfindən xüsusi diqqət yetirildiyini vurğulayıb. Müasir cəmiyyətin inkişafında təhsilin müstəsna rolu olduğunu qeyd edən rektor bildirib ki, hazırda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə elmin, təhsilin maddi-texniki bazası inkişaf etdirilir, yeniləşir, ən müasir, qabaqcıl texnologiyalar ilə təmin olunur. O, abituriyentlərə qarşıya qoyduqları məqsədlər naminə səylə çalışmağı tövsiyə edib: “Gənclərimiz xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinə sədaqət ruhunda tərbiyə olunmalıdırlar. Müstəqil Azərbaycanın gələcəyi bugünkü gənc nəslin düzgün təlim-tərbiyəsindən asılıdır”.
Ceyhun Məmmədov ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. Bunun ən bariz nümunəsinin Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən Azərbaycan İlahiyyat İnstitutunun yaradılması olduğunu bildirib. Rektor ali təhsil müəssisəsinin məqsəd və hədəfləri haqqında da məlumat verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı şəhəri üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Anar Kazımov gəncləri öz təsir dairəsinə salmağa cəhd edən, milli-mənəvi dəyərlərimizə zərbə vurmağa çalışan qeyri-ənənəvi radikal dini cərəyanlarla mübarizədə təhsilin, maarifçiliyin əhəmiyyətini vurğulayıb.
Aİİ-nin İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov tələbələrin daha yaxşı təhsil almaları üçün institutda yaradılan şəraitdən bəhs edib. Tədris prosesi, keçirilən fənlər haqqında məlumat verib. O qeyd edib ki, institutun kollektivi gənclərin zəngin dünyagörüşlü, dərin dini və dünyəvi biliklərə yiyələnən bacarıqlı kadr kimi yetişmələri istiqamətində səylə çalışır.
Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. İnstituta qəbul olunan hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılan lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacağını vurğulayıb. Bundan başqa, tələbələrin ödənişsiz geyim və dərsliklərlə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini qeyd edib.
Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova çıxış edərək bildirib ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli təhsil quruculuğu və islahatları öz töhfələrini verməkdədir.
Görüşün sonunda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.