ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutu ilə Səudiyyə Ərəbistanı universitetləri arasında əməkdaşlıq məsələsi müzakirə olunub
Bakı, 13 dekabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Ceyhun Məmmədov ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu, Prezident İlham Əliyevin müsəlman ölkələri ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. O, Azərbaycanda yüksək dini-mənəvi mühitin mövcud olduğunu, dövlət-din siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verilir.
Aİİ-nin rəhbəri institut haqqında ümumi məlumat verərək, ali təhsil müəssisəsinin yaranma tarixi, fəaliyyət istiqamətləri, eləcə də beynəlxalq əlaqələri və təhsil standartlarından bəhs edib. O bildirib ki, Aİİ-də tələbələr müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və digər elmlərin mənimsənilməsi imkanına malikdirlər.
Ceyhun Məmmədov qeyd edib ki, ali təhsil müəssisəsində xarici dillərin öyrənilməsinə, xüsusilə ərəb dilinin tədrisinə böyük önəm verilir.
Səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlamasını böyük məmnunluqla qarşıladığını bildirib, ali təhsil müəssisəsinin məqsəd və hədəflərini yüksək qiymətləndirib. Səudiyyə Ərəbistanı Krallığı haqqında məlumat verən səfir ölkənin ali təhsil mərkəzləri, o cümlədən İslam universitetləri haqqında da danışıb.
Haməd bin Abdullah bin Səud bin Xudeyr ölkəsinin universitetləri ilə Aİİ arasında əlaqələrin təşkili, qarşılıqlı təcrübə mübadiləsi məsələlərinə də toxunub.
Görüşdə gələcək əməkdaşlıqla yanaşı, tələbə-müəllim mübadiləsi və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Sonda qonaq ali təhsil müəssisəsinin kitabxanası ilə tanış olub.