ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutunda “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayır
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü ilə Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayır.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, yeni yaradılan mərkəzin könüllüləri MEK-in “Vikipediya” Metodik Mərkəzinin təlimlərinin iştirakçılarıdır. Onlar “Vikipediya”da dini və digər mövzularda məqalə yaradılması və redaktə olunması ilə məşğul olacaqlar.
Aİİ-nin rektoru Ceyhun Məmmədov bildirib ki, institutda “Vikipediya” Metodik Mərkəzinin fəaliyyətə başlaması Azərbaycan həqiqətlərinin, tolerant və multikultural mühitin təbliği, ilahiyyat elmləri sahəsində müxtəlif məqalələr yerləşdirilməsi baxımından əhəmiyyətlidir. Rektor “Vikipediya”nı müasir dünyamız üçün önəmli ensiklopedik resurs adlandırıb. O, eyni zamanda, tələbələrə fərdi bilik və bacarıqlarının artırılması, intellektual səviyyələrinin yüksəldilməsi istiqamətində həyata keçirilən layihələrdə aktiv olmağı tövsiyə edib.
Hazırda “Vikipediya” Metodik Mərkəzi tədris, beynəlxalq təcrübənin öyrənilməsi, monitorinq, məsləhət xidməti, informasiya təminatı, təbliğat, elmi-tədqiqat bölmələri üzrə fəaliyyət göstərir. Mərkəzin könüllüləri Azərbaycanın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı müxtəlif məqalələr hazırlayırlar.