ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutunda konfrans: Tariximiz – milli dəyərimizdir

Bakı, 18 yanvar, AZƏRTAC 

Yanvarın 18-də Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Milli-Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin (MMDD) birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Tariximiz – milli dəyərimizdir” mövzusunda konfrans keçirilib.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Rektor Ceyhun Məmmədov Aİİ-nin gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində müxtəlif tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. O, 20 Yanvar hadisələri ilə bağlı tədbirlərin gənclərin milli ruhda tərbiyəsində və müstəqil dövlətçilik ənənələrinin inkişafındakı rolundan bəhs edib. Tariximizin öyrənilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin fəallığının daha da artırılması, onların müasir informasiya-kommunikasiya texnologiyalarından, sosial şəbəkələrdən səmərəli istifadəyə təşviq edilməsinin zəruriliyi qeyd olunub.

C.Məmmədov bildirib ki, 20 Yanvar hadisələri xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Həmin dəhşətli gecədə həlak olan Vətən oğulları Azərbaycan tarixinə parlaq səhifə yazıb, xalqın milli azadlığı, müstəqilliyi uğrunda canlarını fəda ediblər.

MMDD İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski bildirib ki, 20 Yanvar hadisələrinin tarixi əhəmiyyətlilik baxımından ictimaiyyətə çatdırılmasında, faciənin sosial və siyasi aspektinin mahiyyətinin gənclərə aşılanmasında dövlət qurumlarının, həmçinin vətəndaş cəmiyyətinin üzərinə məsuliyyətli vəzifə düşür.

Birliyin sədr müavini Qorxmaz Paşayev təmsil olunduğu qurumun hazırladığı “Tariximiz – milli dəyərimizdir” filmi, Nərminə Quliyeva isə filmdə iştirak edən gənclər haqqında məlumat veriblər.

“Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev çıxışında 20 Yanvar faciəsinin canlı şahidi olmuş bir şəxs kimi qanlı gecədə oğul və qızlarımızın ölümün gözünə dik baxaraq qəhrəmanlıq nümunəsi yaratdıqlarını bildirib. O qeyd edib ki, 20 Yanvara matəm günü kimi deyil, qəhrəmanlıq tarixi kimi yanaşılmalıdır.

Konfransda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Tariximiz – milli dəyərimizdir” filmi nümayiş etdirilib, tələbələr məruzə ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.