ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutunda seminar: Azərbaycanlı olmaq, yaxud etnik, dini və milli kimlik nədir
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda “Azərbaycanlı olmaq, yaxud etnik, dini və milli kimlik nədir?” mövzusunda seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, prorektor Aqil Şirinov mövzunun aktuallığından danışıb. Bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlərboyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyardır.
Aqil Şirinov ali təhsil müəssisəsində mütəmadi keçirilən konfrans, seminar, dəyirmi masa və təlimlərin təşkil olunmasında məqsədin gənclərimizə milli-mənəvi dəyərlərimizin və vətənpərvərlik ruhunun aşılanmasına, onların peşəkar mütəxəssis kimi yetişməsinə töhfə verməkdən ibarət olduğunu vurğulayıb.
Daha sonra “Etnoqlobus” beynəlxalq onlayn analitik mərkəzinin direktoru Gülnarə İnancın “Azərbaycanlı olmaq, yaxud etnik, dini və milli kimlik nədir” mövzusunda məruzəsi dinlənilib. O qeyd edib ki, tarixən Azərbaycanda müxtəlif xalqların nümayəndələri qarşılıqlı anlaşma və sülh şəraitində yaşayıblar. Onlar Azərbaycan torpaqlarının düşmənlərdən müdafiəsi uğrunda birlikdə mübarizə aparıblar. Vətəndaşlarımızda etnik şüur deyil, milli şüur aparıcı amil kimi təbii yolla formalaşır və bunun arxasında tarixi, mədəni, dini və ictimai amillər dayanır.
Seminarda tələbələrin mövzu ətrafında sualları cavablandırılıb.