ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutunun Tələbə Gənclər Təşkilatı I kurs tələbələri ilə görüş keçirib
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Tələbə Gənclər Təşkilatı İlahiyyat fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova institutun Tələbə Gənclər Təşkilatı və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının yaranma tarixi, fəaliyyət sahəsi haqqında ətraflı məlumat verib.
Fidan Yusifova tələbələrə təşkilatın təhsil və ictimai fəaliyyətdəki mühüm rolundan bəhs edib. O vurğulayıb ki, institutun Tələbə Gənclər Təşkilatının əsas məqsədi dövlətin gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial, elmi həyatında onların fəal iştirakını təmin etməkdir.
Yeni qəbul olunan tələbələrin instituta daha rahat uyğunlaşması məqsədilə keçirilən görüşdə Fidan Yusifova gənclərə təhsil müəssisəsi, tədris prosesi, ictimai işlər, faydalana biləcəkləri resurslar barədə ətraflı məlumat verib. Qeyd edib ki, ali təhsil müəssisəsində gənclərin yüksək səviyyədə təhsil almaları üçün lazımi şərait yaradılıb. Tələbələr dövlət hesabına təhsil almaqla yanaşı, ödənişsiz dərslik və geyimlə təmin olunur, pulsuz dil kurslarında iştirak etmək hüququ qazanırlar.
Tədbirdə qarşıda duran vəzifələr, tələbələrin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün görülən tədbirlər haqqında söhbət açılıb.