REGİONLAR
İlin əvvəlindən bəri Qax rayonunda 12 subartezian quyusu qazılıb
Qax, 10 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə 2018-ci ildə Qax rayonunun ərazisində 13 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulub. Bu quyulardan 12-nin qazıntısı artıq yekunlaşıb. Yaxın günlərdə Qaradolaq kəndində də yeni subartezianın qazıntısına başlanılacaq.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Nəzir Mustafayev məlumat verib.
Baş mühəndisin bildirdiyinə görə, subartezian quyularının qazıntısı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 mart tarixli Sərəncamına əsasən həyata keçirilib.
Ümumiyyətlə, dövlətimizin başçısının imzaladığı sərəncamlara uyğun olaraq, 2013-cü ildən bu günə kimi Qax rayonunun ərazisində 57 ədəd subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Bu quyuların istismara verilməsi nəticəsində yüz hektarlarla əkin sahəsinin suvarma suyu və minlərlə kənd sakininin içməli su ilə təminatı xeyli yaxşılaşdırılıb.