ELM VƏ TƏHSİL


İlk tədris ilinə başlayan Azərbaycan İlahiyyat İnstitutunda tələbələrlə görüş keçirilib

Bakı, 12 sentyabr, AZƏRTAC

İlk tədris ilinə başlayan Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2018/2019-cu illər üzrə birinci kursa qəbul edilmiş ilk tələbələri ilə sentyabrın 12-də görüş keçirib.

Aİİ-dən AZƏRTAC-a bildiriblər ki, rektor Ceyhun Məmmədov valideynləri və tələbə adını qazanmış abituriyentləri təbrik edib, gənclərə qədəm qoyduqları şərəfli və məsuliyyətli yolda uğurlar arzulayıb. Tələbəliyin insan həyatının ən müqəddəs və vacib mərhələlərindən birini təşkil etdiyini söyləyən rektor millətin gələcəyinin onun təhsilə və elmə verdiyi dəyərlə ölçüldüyünü bildirib.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan C.Məmmədov bütün sahələrdə olduğu kimi ölkəmizdə təhsilə, mədəniyyətə, milli mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrıldığını vurğulayıb. Rektor gənc nəslin sağlam ruhda yetişməsinin, yüksək dünya standartları ilə ayaqlaşan təhsillə təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da bu sahəyə xüsusi qayğı göstərdiyini bildirib. C.Məmmədov Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu söyləyib. Dərin bilikli, güclü şəxsiyyətə, zəngin dünyagörüşünə və yüksək mədəniyyətə malik, vətənpərvər mütəxəssislərin yetişdirilməsinin institutun əsas vəzifələrindən olduğunu nəzərə çatdıran rektor bu məqsədlərə nail olmaq üçün Aİİ-nin bütün gücünü və potensialını səfərbər edəcəyini, ona göstərilən yüksək inam və etimadı doğrultmağa çalışacağını bildirib.

C.Məmmədov Aİİ-yə 2018/2019-cu tədris ilində islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə ümumilikdə 60 tələbənin qəbul olduğunu diqqətə çatdırıb, cari il üçün institutun ümumi hesabatını açıqlayıb. Bildirilib ki, dinşünaslıq ixtisasına 25, islamşünaslıq ixtisasına 35 tələbə qəbul olunub.

Rektor tələbə və valideynlərə tədris prosesi, keçiriləcək fənlər haqqında ümumi məlumat verib, Aİİ-də tədrisin yüksək ixtisaslı kadrlar tərəfindən təşkil olunduğunu, gənclərin İslamla yanaşı, müasir sosial elmlərin metodları əsasında digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturlarını, o cümlədən fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm kimi digər sosial, humanitar elmləri də öyrənmək imkanına malik olacaqlarını diqqətə çatdırıb. Rektor tələbələrə ingilis, ərəb, rus və fars dillərini yüksək səviyyədə öyrənmək imkanının yaradılacağını deyib. Eyni zamanda, beynəlxalq mübadilə proqramları (Erasmus, Mövlanə və s.) vasitəsilə Avropa, Amerika, Şərq ölkələrində təhsil almaq və yüksək qiymətlərlə məzun olan bakalavrların ixtisasları üzrə magistratura və doktorantura təhsilini dövlət xətti ilə xarici ölkələrdə davam etdirmək imkanı olacağını vurğulayıb. İnstitutda zəngin kitabxana fondunun olduğu, tələbələrin bu fonddan açıq rəf sistemi ilə istifadə edə biləcəyi bildirilib. Aİİ-də təqdim olunan təhsil imkanlarının ödənişsiz və dövlət sifarişi əsasında həyata keçirildiyini vurğulayan rektor tələbələrin təqaüd, pulsuz yemək, geyim və yataqxana ilə təmin ediləcəyini söyləyib.

C.Məmmədov institutdan məzun olacaq tələbələrə karyera qurmaq imkanı yaradılacağını bildirib.

Görüşün sonunda tələbə və valideynlərin sualları cavablandırılıb, ixtisaslar üzrə yüksək bal toplayan tələbələr mükafatlandırılıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.